“ResearchAndMarkets” şirkəti 2030-cu ilədək informasiya təhlükəsizliyi bazarında süni intellekt texnologiyalarından gəlirin həcminin 2020-2030-cu illər ərzində orta illik artım tempi 25,7 faiz olmaqla 101,8 milyard dollaradək artacağını proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə süni intellektdən əldə olunan gəlir 8,6 milyard dollar təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən növbəti onillikdə süni intellektlə yanaşı, “DLP” sistemləri seqmentində artım proqnozlaşdırılır. Kompüter təlimindən istifadə sayəsində süni intellekt son nöqtələrin effektiv mühafizəsini təklif etməklə kibertəhlükəsizlik təhdidlərindən qorunmanı təmin etməyə kömək edir. Öz növbəsində “DLP” həlləri məlumatların monitorinqi, aşkarlanması və mühafizəsində mühüm rol oynayır və əsasən məxfi informasiyaya icazəsiz giriş və ya istifadənin qarşısının alınması məqsədilə təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi üçün tətbiq edilir.
Süni intellekt və “DLP” texnologiyalarına tələbatın artması mütəxəssislər tərəfindən bütün dünyada kiberhücum və kiberfırıldaqçılığın sayının artması (ödəniş kartı və şəxsiyyət vəsiqələrinin oğurlanması daxil olmaqla bütün kiberinsidentlərdə payı 55 faiz təşkil edib) ilə əlaqələndirilir. Ekspertlərin sözlərinə görə, kiberhücumların sayının artmasına dünya təşkilatlarının “BYOD” yanaşmasını daha çox tətbiq etməyə başlaması faktı da kömək edir.
Ekspertlərin sözlərinə görə, bütün bu amillər dünya süni intellekt texnologiyaları bazarında tələbatın artmasına səbəb olub. Çünki bu həllər kiberfırıldaqçılıqla mübarizəyə kömək etməklə reaksiya vaxtını azaldır, təhdidləri aşkarlayır və təcili diqqət tələb edən hücumların müəyyənləşdirilməsi üçün texnikanı saz vəziyyətə gətirir.
“ResearchAndMarkets” şirkətinin məlumatına görə, 2019-cu ildə süni intellekt bazarında aparıcı mövqeyi Şimali Amerika tutub. Lakin növbəti on ildə bu sahənin Asiya-Sakit okean regionunda sürətli inkişafı proqnozlaşdırılır.
Qeyd edək ki, “BYOD” (bring your own device, “öz qurğunu gətir”) təşkilat əməkdaşının iş üçün korporativ kompüter əvəzinə öz qurğusundan, məsələn, noutbuk, planşet və ya smartfondan istifadəni təsvir edən termindir.
Nizam Nuriyev