2020-ci ildə dünyada ümumilikdə 6,4 milyon virtual reallıq (virtual reality, VR) qurğusu satılacaq, “VR” kontenti üçün xərclər isə 1,12 milyard dollara çatacaq. Bu barədə “Omdia” şirkətinin proqnozunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, 2025-ci ilədək “VR” kontentinin satışından mədaxil 4 milyard dollara çatacaq ki, bunun da 90 faizi videooyunların payına düşəcək. Həmçinin proqnozla nəzərdə tutulur ki, aparat və proqram təminatı daxil olmaqla virtual reallıq texnologiyaları bazarının ümumi həcmi beş ildən sonra 10 milyard dollar təşkil edəcək. 2020-ci ildə bu göstərici 3,2 milyard dollar səviyyəsində gözlənilir.
Hesabata görə, bu il virtual reallıq bazarının stimullarından biri “COVID-19” səbəbi ilə elan edilən karantinlər olub. Bununla yanaşı, maneə yaradan amillər kimi ilin əvvəlində təchizat zəncirində fasilələrin yaranması, eləcə də oyun həvəskarlarının diqqətini yayındıran yeni oyun konsollarının noyabr buraxılışı göstərilir.
Analitiklərin dünyanın 32 ölkəsində toplanılan məlumatlar əsasında hesablamalarına görə, ilin sonunadək ev təsərrüfatlarında virtual reallıq qurğularının nüfuzetmə səviyyəsi 1,2 faiz təşkil edəcək. 2025-ci ilədək bu göstəricinin iki dəfədən çox artaraq 3 faizə bərabər olacağı proqnozlaşdırılır. Bununla belə, virtual reallıq qurğularının kütləvi yayılması haqqında danışmaq hələ ki tezdir.
Həmçinin texnologiyanın populyarlaşmasına “Oculus Quest” kimi avtonom virtual reallıq qarniturları kömək edir. Şirkətin proqnozuna görə, cari ilin sonunadək dünyada 1,2 milyon, 2025-ci ilədək isə 5,6 milyon belə qurğu satılacaq.
Nizam Nuriyev