Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Apple” qurğuları məlum olub


"Apple" şirkəti yeni displeylərlə təchiz edilən "iPad Pro" və "MacBook" buraxacaq. Bu barədə Tayvanın "Digitimes" nəşrinin sahə üzrə mənbələrə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, 2021-ci ildə ABŞ şirkəti tərəfindən yeni tipli ekrana malik minimum iki qurğunun təqdim ediləcəyi gözlənilir. Məlumata görə, ekranları "mini-LED" matrisasına əsaslanan "iPad Pro" planşeti və "MacBook" noutbuku işıq üzü görəcək. Displeylər kiçikölçülü üzvi işıq diodlarının mövcudluğu, eləcə də "IPS" matrisalarına nisbətən daha dolğun, parlaq və kontrastlı görüntüsü ilə seçilir.

 

Blogerlərin məlumatına görə, 2021-ci ilin birinci rübündə "Apple" şirkəti "mini-LED" ekranlı ilk "iPad Pro", ikinci yarısında isə "mini-LED" ekran və "M1" prosessoru ilə təchiz edilən "MacBook" təqdim edəcək.

 

Hesabatda qurğuların texniki xüsusiyyətləri barədə əlavə məlumat verilməsə də, mənbələrin məlumatına görə, "Apple" tərəfindən artıq gələcək qurğuların istehsalı planlaşdırılıb. "mini-LED" panellərinin tədarükü ilə Tayvan tərəfdaşları məşğul olacaq. Yeni "MacBook" noutbukunun istehsalına görə "Quanta Computer" və "Foxconn" şirkətləri məsuliyyət daşıyacaq.

 

Qeyd edək ki, "Apple" öz istehsalı olan "M1" prosessoru əsasında noutbukları və fərdi kompüteri noyabrın 10-da təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, çip 5 nanometrlik texnoloji proses üzrə hazırlanıb və "ARM" arxitekturası üzərində yaradılıb.

 

Nizam Nuriyev






02/12/20    Çap et