Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” yeniləməsi “iPhone” enerjisini tez tükəndirməyə başlayıb


“iPhone” istifadəçiləri smartfon akkumulyatorlarının enerjisini tez tükəndirən əməliyyat sistemi yeniləməsindən şikayət etməyə başlayıblar. Bu barədə “PhoneArena” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, jurnalistlər tərəfindən müvafiq məlumatların rəsmi “Apple” və “Reddit” forumlarında dərc edilməsinə rast gəlinib. Məsələn, son platformada məlumat iki mindən çox “bəyənmə” və təxminən 400 şərh toplayıb. “iPhone” istifadəçiləri əsasən “iOS 14.2” əməliyyat sistemi yeniləməsindən sonra baş verən avtonom iş vaxtının kəskin azalmasından şikayətlənirlər.
 
Məlumata görə, “Red_J2” təxəllüslü “Reddit” iştirakçısı bildirib ki, yeniləmədən sonra ona məxsus “iPhone 11” gün ərzində “gözləmə” rejimində akkumulyator səviyyəsinin 15 faizini itirməyə başlayıb, halbuki bunadək smartfon həftədə iki dəfə enerji ilə doldurulub.
 
“BuncRedd” adlı istifadəçinin sözlərinə görə, onun “iPhone 11 Pro Max” smartfonunda akkumulyatorun enerji səviyyəsi adətən qənaətbəxş səviyyədə olub, lakin yeniləmə quraşdırıldıqdan sonra axşamadək enerjinin təxminən 50 faizi qalır.  
 
Bir sıra smartfon istifadəçiləri qeyd edib ki, qurğular batareyanın enerji səviyyəsi 20 faizə endikdən sonra sönür. İstifadəçilərin bir qismi “iPhone” smartfonunun enerji ilə doldurulması zamanı onun çox qızmasını vurğulayıb.
 
Nizam Nuriyev





09/12/20    Çap et