Smartfon və düyməli telefonlar bazarında illik azalma davam edir
“Counterpoint Research” tədqiqat şirkəti qlobal mobil telefonlar bazarında vəziyyəti əks etdirən yeni infoqrafika dərc edib. 2020-ci ilin üçüncü rübü üzrə hesabat smartfon və düyməli qurğular (feature phone) seqmentlərinə bölünərək təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Counterpoint” şirkəti tərəfindən təqdim edilmiş məlumatlar mobil sektorda saxlanılan mənfi illik dinamikadan xəbər verir. 2020-ci ilin iyul-sentyabrında smartfonların tədarük həcmi 2019-cu illə müqayisədə 4% azalaraq 366 milyon olub, düyməli telefonların tədarük həcmi isə 17% azalaraq 74 milyon təşkil edib.
Hindistanın smartfonlar bazarında müsbət trendlər xüsusilə nəzərə çarpır, mütəxəssislər illik hesablama üzrə 9% və əvvəlki rüblə müqayisədə isə 188% artım qeydə alıblar. Bundan başqa, MEA (Yaxın Şərq və Afrika) regionunda tədarük həcmi 2019-cu illə müqayisədə 2% artıb.
“Samsung” şirkəti ötən rüb 80,4 milyon qurğu tədarük edərək smartfonlar bazarının lideri adını özünə geri qaytarıb. Ötənilki göstəricilərlə müqayisədə artım 3% təşkil edib, 3 aylıq artım isə 48% olub. Mütəxəssislər Cənubi Koreya şirkətinin bazar payını 22% səviyyəsində qiymətləndiriblər.
Yaxın Şərq və Afrika isə düyməli telefonların ən böyük regional bazarı olaraq qalır.
Emil Hüseynov