Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq


Yaponiyanın “Menicon” kontakt linzalar istehsalçısı “Mojo Vision” şirkəti ilə əlavə reallıq sisteminə malik kontakt linzalarının hazırlanmasına dair saziş imzalayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hazırda “Mojo Vision” əlavə reallıq sistemli ilk “ağıllı” kontakt linzalarının hazırlanması ilə məşğuldur. Saziş çərçivəsində şirkətlər tərəfindən ilk növbədə yeni məhsulun istehsal imkanının qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
 
Bu ilin əvvəlində “Mojo Vision” “B” seriyasının maliyyələşdirilməsi mərhələsində 51 milyon dollar cəlb edib. Əldə edilən investisiyalar və “A” seriyasının maliyyələşdirilməsi nəzərə alınaraq şirkət “Mojo Lens” linzasında istifadə edilən texnologiyanın yaradılmasına 159 milyon dollar ayırıb.
 
Məlumata görə, “Mojo Vision” linzanın yaradılması üçün dünyanın ən kiçik “MicroLED” displeyi kimi bir neçə mütərəqqi texnologiya hazırlayıb. O, linzanın mərkəzinə quraşdırılıb və tor qişasının qarşısında yerləşir.
 
“Mojo Lens” linzası skleral tipli kontakt linzasının əsasında yaradılıb. Ona kiçik biotəhlükəsiz batareya, göz izləmə kameraları və görüntü sensorları kimi komponentlər quraşdırılacaq.
 
Hazırda hazırlanma mərhələsində olan “Mojo Lens” texnologiyasının satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Şirkət texnologiyanın tibbi məqsədlər üçün istifadəsi məqsədilə ABŞ-ın Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) ilə əməkdaşlıq edir.
 
Nizam Nuriyev 




12/12/20    Çap et