Növbəti qabaqcıl “Xiaomi” smartfonunun buraxılış tarixi açıqlanıb
"Xiaomi" şirkəti ilin sonunadək yeni "Mi 11" smartfonlarının təqdimatını keçirəcək. Bu barədə "GizmoChina" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta
www.lenta.ru" resursuna istinadən yazır ki, məlumata görə, şirkət təqdimatı dekabrın 29-na planlaşdırıb. Həmin gün Çin istehsalçısı qabaqcıl "Mi 11" və "Mi 11 Pro" qurğularını nümayiş etdirəcək. Jurnalistlər qeyd edib ki, informasiyanı ucuz "Mi Watch Lite" saatının dəqiq buraxılış tarixini bildirən mənbə verib.
Qeyd olunan smartfonların ilin sonunadək satışa çıxarılacağı gözlənilir. Jurnalistlərin fikrincə, modellər nümayişdən dərhal sonra "Xiaomi" internet mağazasının və onun tərəfdaşlarının saytında satışa çıxarıla bilər. Hazırda söhbətin yeni nəsil qabaqcıl smartfonların qlobal nümayişindən və ya onların yalnız yerli bazar üçün təqdimatından getdiyi məlum deyil. Bundan başqa, qurğuların təqdimat tarixinin təxirə salınacağı istisna edilmir.
Bir müddət əvvəl verilən məlumata görə, 2021-ci ilin əvvəlində Çin şirkəti dörd qabaqcıl smartfon təqdim edəcək: iki "Xiaomi" və iki ona məxsus "Redmi" brendli model. Dekabrın əvvəlində şirkət təsisçisi bəyan edib ki, "Xiaomi" smartfonları bazarda ilk dəfə yeni qabaqcıl "Snapdragon 888" prosessoru ilə təchiz ediləcək.
Nizam Nuriyev