Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm” şirkəti yeni “Snapdragon 678” prosessorunu təqdim edib


“Qualcomm” şirkəti mobil prosessorlar çeşidinə “Snapdragon 678” adlı yeni model əlavə edib. Əvvəlki modellə müqayisədə 8 nüvəli çipin özəlliyi yaxşılaşdırılmış məhsuldarlıq, təkmilləşdirilmiş multimedia imkanları və LTE şəbəkələrində məlumatların yüksək sürətlə ötürülməsi olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 11 nm-lik mobil platforma əvvəlki platformadan ilk növbədə 2,2 QHs-dək sürətləndirilmiş “Kryo 460” məhsuldar nüvələri və yaxşılaşdırılmış məhsuldarlığa malik daxili “Adreno 612” qrafikası ilə fərqlənir. 600 Mbit/s-dək yükləmə sürətini dəstəkləyən daxili “Snapdragon X12 LTE” modemi rabitə imkanlarını təmin edir. İstehsalçının məlumatına görə, “Licensed Assisted Access” (LAA) texnologiyası hətta istifadəçi sıxlığı böyük olan ərazilərdə də yüksək qoşulma sürətini təmin edir.
 
“Qualcomm Spectra 250L” siqnal prosessoru mobil platforma və smartfonun kamerası arasındakı qarşılıqlı əlaqəni təmin edir. Bu prosessor 48 mp təsvir ölçüsündə şəkil çəkilişini, 16 mp-dək təsvir ölçüsündə 4K video çəkilişini, 5 qat optik zumu və portret rejimini dəstəkləyir.
 
“Snapdragon 678” prosessoru 60 hers yeniləmə tezlikli “Full HD+” təsvir ölçüsündə olan ekranları dəstəkləyir.
 
Emil Hüseynov




16/12/20    Çap et