Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıtın rəqəmsal kadastr xəritəsi hazırlanacaq
Dekabrın 16-da Sumqayıtda şəhər üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanması ilə bağlı təqdimat keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, komitənin mərkəzi aparatı və müvafiq qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, habelə layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, layihəyə əsasən, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur.
Qeyd edək ki, ƏMDK “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” dövlət başçısının fərmanı və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq elektron xidmətlərin tətbiqi ilə bağlı tədbirlərə başlayıb.
Daşınmaz əmlaka dair sənədlərin verilməsinin elektron xidmətə keçirilməsi məqsədilə çevik və etibarlı informasiya mübadiləsinə imkan verən daşınmaz əmlakın qeydiyyatı üzrə məlumat-axtarış bazası olmalı, eyni zamanda bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlumat bazasının, daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması vacibdir.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması ilə bağlı dövlət başçısının fərmanına əsasən, ƏMDK tərəfindən müvafiq işlər həyata keçirilir.
İri sənaye şəhərlərinin inkişafı ilə bağlı tapşırıqlara əsasən rəqəmsal kadastr xəritələrinin hazırlanması ilk növbədə Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə nəzərdə tutulur.
Bu məqsədlə Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması məqsədilə açıq tender elan edilib. Tenderin qalibi olan Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti arasında müvafiq müqavilə imzalanıb.
Təqdimat mərasimində layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Belə ki, layihə çərçivəsində “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti tərəfindən kameral və çöl ölçmə işləri həyata keçiriləcək və bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi yerləşmə vəziyyətləri müəyyən ediləcək.
Qeyd edək ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək bu layihənin 12 ay müddətində başa çatdırılması nəzərdə tutulub.
Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək.
Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.
16/12/11 Çap et