Smartfon vasitəsilə xəstəliklərin diaqnozu üçün cib ultrasəs aparatı yaradılıb
Müasir tibb, demək olar ki, hər bir böyük yaşayış məntəqəsində orqanizmin yüksək dəqiqlikli ultrasəs müayinəsini keçirməyə imkan verir. Ancaq bunun üçün xüsusi ixtisaslaşdırılmış avadanlıq quraşdırılmış poliklinikaya getmək lazımdır. ABŞ şirkəti ultrasəs diaqnostikası üçün şalvarın cibinə yerləşən və smartfonla birgə işləyən yığcam qurğu hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, ultrasəs müayinəsi üçün tibb sistemləri böyük ölçülü və olduqca bahadır. ABŞ-ın “Vave Health” şirkətinin fikrincə, bir çox insanlar xəstəxanaya getmədən öz sağlamlığına nəzarət imkanına malik olmaq istəyirlər. Bundan başqa, ucqar rayonlarda belə müayinələrin keçirilməsi böyük ölçülü avadanlığın daşınması problemi ilə daha da çətinləşir. İstənilən uyğun yerdə müayinə etməyə imkan verən cib ultrasəs qurğusu ənənəvi aparatlara əvəzetmə ola bilər.
340 qr ağırlığında olan “Vave” zondu pyezoelektrik çeviricisi, istiliyin yayılması üçün tökülmüş maqnezium korpus və rahat tutmaq üçün əlverişli qulpdan ibarətdir. Çıxarılıb-taxılan litium-ion akkumulyatora malik cihaz fasiləsiz skan etmə rejimində 1 saatdan çox işləyə bilər. Qurğu, həmçinin “IP67” standartı üzrə sudan qoruma funksiyasına malikdir ki, bu da lazım gəldikdə onu yumağa və dezinfeksiya etməyə imkan verir.
Cihazı satın aldıqdan sonra smartfon üçün 4 fərqli diaqnostika növü arasında seçim edə biləcəyiniz proqram əlçatandır: ürək, ağciyər, qarın boşluğu və reproduktiv orqanlar. Şəkillər real vaxt rejimində “Wi-Fi” vasitəsilə “iOS” və ya “Android” sistemlərinin idarəetməsi altında işləyən smartfona translyasiya edilir. Məlumatların telefon və ya uzaq serverdə saxlanılması imkanı nəzərdə tutulub.
“Vave Health” şirkəti aylıq 99 dollar ödəməklə cib ultrasəs müayinə cihazından istifadə imkanını təmin edir.
Emil Hüseynov