Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tezliklə işğaldan azad olunan torpaqlarımızda teleradio yayımına başlanacaq


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək. 
 
Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar. 
 
Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyalarının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür. 
 
Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyalarının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq. 
 
Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq. Nəticədə oradan yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.
 






28/12/20    Çap et