Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası ABŞ-da yaradılmış “A5” çiplərindən istifadə etməyə başlayıb


“Röyters” agentliyinin məlumatına əsasən, “Apple” korporasiyası “iPad” və “iPhone” üçün vacib komponentləri ABŞ, xüsusilə Texas ştatından almağa başlayıb. Qeyd edək ki, bundan əvvəl komponentləri Asiya istehsalçılarından alırdı.

Agentliyin məlumatına görə, “Apple” korporasiyası “iPhone 4S” və “iPad2”-də tətbiq edilən yeni “A5” prosessorlarını “Samsung Electronics” şirkətinin yeni zavodundan alır. Yeni zavod isə Texas şəhərində tikilib.

“Samsung” şirkətindən bildirilib ki, yeni zavod tam gücü ilə dekabr ayının əvvəlindən işləməyə başlayıb, onun yaradılmasına qoyulmuş investisiyalar təxminən 3,6 milyard dollar təşkil edir.

“Samsung” şirkəti Texasda yerləşən zavodunda mikroprosessorlardan əlavə, həmçinin “NAND”-yaddaşlar da istehsal edir.

Qeyd edək ki, “A5” çiplərinin əsasını ARM nüvəsi təşkil edir. Bu prosessorların gücü əvvəlki nəsil “A4” çiplərinin göstəricilərini təxminən 2  dəfə ötür.





19/12/11    Çap et