Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hisense” süni intellekt kameralı lazer televizor təqdim edib


"Hisense" şirkəti proyeksiyalı lazer televizorlar çeşidini "L9F" adlı modellə yeniləyib. Yeni qurğu müxtəlif ekran diaqonalında – 75 və 80 düym olmaqla iki modifikasiyada təqdim edilib. Televizorun əsas xüsusiyyətlərindən biri süni intellekt alqoritmləri əsasında proqram təminatından istifadə edən quraşdırılmış kameradır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, televizorun "4K" təsvir ölçülü və 380 kandel/kvadratmetr pik parlaqlı hər iki versiyası 3 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla birlikdə dördnüvəli "MediaTek MT9639" prosessoru əsasında işləyir. "Hisense L9F" modeli BT.2020 (Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsi) rəng qammasını 107 faiz əhatə edən müstəqil üçrəngli işıq mənbəyi ilə təchiz olunub.

 

Televizorun fotohəssas elementli quraşdırılmış kamerası "Full HD" təsvir ölçüsünə malikdir. Kameranı 35° diapazonunda müxtəlif baxış bucaqlarında quraşdırmaq və güzgü kimi istifadə etmək olar. Qurğuya quraşdırılan mikrofon səsli idarəetməni və videozənglər funksiyasını dəstəkləyir. Bundan əlavə, hərəkətin izlənməsi funksiyası sayəsində moduldan xüsusi mobil əlavə vasitəsilə fitnes ilə məşğul olmaq üçün istifadə etmək mümkündür.

 

Məlumata görə, xüsusi yardımçı sensor sayəsində televizor tamaşaçıya qədər olan məsafəni müəyyənləşdirərək ekranın parlaqlığını tövsiyə olunan üç metr göstəricisindən bir metr məsafəyədək azaldır. Televizor işıq ləkələrini aradan qaldıran və təsvirin dəqiqliyini yaxşılaşdıran xüsusi əksetdirici ekranla təchiz edilib. Soyutma sistemi isə qurğunun uzunmüddətli istismar müddətini təmin edir.

 

"Hisense L9F" televizorunun 75 düymlük versiyasının qiyməti 2141 dollar, 85 düymlüyün isə 3059 dollar təşkil edir.

 

Nizam Nuriyev






30/12/20    Çap et