Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Samsung” noutbukları “OLED” ekranlarla təchiz ediləcək


"Samsung Display" şirkəti "CES 2021" beynəlxalq istehlak elektronikası sərgisi ərəfəsində "OLED" ekranlı yeni noutbuklar seriyasının əsas üstünlüklərini nümayiş etdirən videoçarx dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA." resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, "OLED" displeyləri kinematoqrafiya səviyyəli görüntünü realistik rəng çaları ilə nümayiş etdirir. Qeyd olunur ki, "DCI-P3" rəng məkanı 120 faiz əhatə olunur, "HDR" standartı dəstəklənir, parlaqlıq xeyli artırılıb və əsas rəng spektri – yaşıl, mavi və qırmızı maksimum dəqiqliklə göstərilir.

 

Üzvi işıq diodları əsasında "OLED" matrisalardan istifadə sayəsində şirkət qara rəngi realistik göstərməyə nail olub: piksellərin söndürülmə zamanı parlaqlığı 0.0005 kandel/kvadratmetr təşkil edir. Bundan başqa, "Samsung" displeylərinin kontrastlıq əmsalı isə 1 000 000:1-ə bərabərdir. Həmçinin bildirilir ki, günəş şüaları altında da ekran görüntüsünün keyfiyyəti itmir.

 

Yeni "Samsung" noutbukları haqqında daha ətraflı məlumatın yanvarın 6-da baş tutacaq "The First Look" adlı xüsusi tədbirdə təqdim ediləcəyi gözlənilir. Şirkət nümayəndələrinin sözlərinə görə, ilin ortalarında yeni nəsil matrisalarla təchiz ediləcək yeni noutbuk modelləri nümayiş olunacaq.

 

Nizam Nuriyev

 






06/01/21    Çap et