"Reuters"in analitik hesabatına əsasən, gələn il Avropanın "5G" bazarı üçün mühüm olacaq. Avropa Birliyi koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondundan yeni texnologiyaların maliyyələşdirilməsinə 750 milyard avro ayırıb, indi isə Avropanın İT şirkətləri ("Nokia", "Ericsson", "Telefonica" və digərləri) müzakirə və planlara qoşulurlar. Bununla belə mütəxəssislər və operatorların nümayəndələri 2021-ci ildə Çinə və ABŞ-a yaxınlaşmağın mümkün olmayacağını etiraf edirlər, amma geriqalmanı azaltmaq tamamilə realdır.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkətinin proqnozuna görə, qarşıdakı 5 ildə operatorlar Qərbi Avropa ölkələrinin çox hissəsini (təxminən 55%) "5G" şəbəkələrinə qoşacaqlar. Mərkəzi və şərqi regionda vəziyyət daha mürəkkəbdir – şirkətlər ərazinin yalnız 27%-ni "5G" qüllələrlə təmin edə biləcəklər.
Eyni zamanda artıq ilk addımlar atılıb. Bu ilin iyulunda Avropa Birliyi "5G" texnologiyalarının tətbiqi üzrə ilk tədbirlər paketini razılaşdırıb. İspaniyanın "Telefonica" şirkətinin baş direktoru Xose Maria Alvares-Palletinin sözlərinə görə, Avropa Komissiyası və böyük şirkətlər son 6 ayda real layihələr hazırlayıblar və artıq 2021-ci ilin ortalarına kimi yeni rabitə standartının istismarından ilk gəlirlər əldə ediləcək.
Emil Hüseynov