Müasir smartfonlar şəxsi məlumatların kənar şəxslərdən etibarlı qorumasını təmin edən qabaqcıl biometrik autentifikasiya sistemləri ilə təchiz edilir. Bununla belə mükəmməl qoruma mövcud deyil. “Samsung”un istehsalı olan smartfonlarda aşkar edilmiş boşluq buna sübutdur. Məlum olub ki, istənilən şəxs qabaqcıl “Galaxy Note20” smartfonlarını blokdan çıxara bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung” tərəfindən yanvarda dərc edilmiş təhlükəsizlik yeniləməsi nəticəsində bu boşluq haqqında məlum olub. Yeniləmənin təsvirində “Galaxy Note20” seriyasının smartfonlarında barmaq izləri skanerinin "anormal davranış"ının düzəlişi haqqında məlumat verilib.
“Galaxy Note20” seriyasının smartfon sahiblərinə təhlükəsizlik yeniləməsini mümkün qədər tez quraşdırmaq tövsiyə edilir.
Emil Hüseynov