Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İl ərzində smartfon istehsalı 11 faiz azalıb


“TrendForce” analitik şirkəti 2020-ci ildə dünyada smartfon istehsalının 11 faiz azalmasını açıqlayıb. Koronavirus pandemiyası və onun nəticələri ilə əlaqədar zavodların fəaliyyətinin dayandırılması, komplekt hissələrin çatışmazlığı və tələbatın azalması səbəbindən smartfon istehsalçıları tərəfindən daha az qurğu buraxılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, analitiklərin smartfonlar bazarının tədricən bərpasını və hətta cüzi artımını proqnozlaşdırmasına baxmayaraq 2021-ci ildə bu göstərici 2019-cu ildəki rekord nəticədən aşağı olacaq. Yeni ilin əsas tendensiyaları arasında analitiklər tərəfindən köhnə qurğuları əvəzləyən “5G” smartfonlarına artan tələbat, inkişaf etməkdə olan bazarlarda tələbat artımı, eləcə də “Huawei” şirkətinin bazar payının rekord azalması göstərilir – bunun nəticəsində Çin istehsalçısının liderlər reytinqini tərk edəcəyi gözlənilir.

 

Proqnozlara görə, 2021-ci ildə ilk altılığa daxil olan brendləri “Samsung”, “Apple”, “Xiaomi”, “Oppo”, “Vivo” və “i-Tel”, “Tecno” və “Infinix” brendli smartfonlar istehsal edən Çinin tanınmamış “Transsion” şirkəti təşkil edəcək. Bununla yanaşı, altı şirkət bu il dünya smartfonlar bazarının təxminən 80 faizinə nəzarət edəcək.

 

“Huawei” üçün proqnozlar bədbindir: şirkət ABŞ-ın ixrac sanksiyaları, “Google” ilə birgə fəaliyyətin qadağan edilməsi və son vaxtlar prosessorlardan istifadənin məhdudlaşdırılmasından böyük ziyan çəkib. Bu səbəbdən “Huawei” şirkətinin 2021-ci ildə qlobal smartfon tədarükçüləri reytinqində 3-cü pillədən 7-ci yerə enəcəyi gözlənilir.

 

Analitik şirkət “Honor” brendinin “Huawei”dən rəsmən ayrılmasını vaxtında qəbul edilmiş qərar hesab edərək bunu onun müstəqil smartfon istehsalçısı kimi fəaliyyətini təmin edəcəyini proqnozlaşdırır.

 

Nizam Nuriyev






07/01/21    Çap et