“Intel” korporasiyası “Apple” şirkətinin “Face ID” sistemi kimi sifətə görə biometrik autentifikasiyanı təmin edəcək ixtisaslaşdırılmış aparat modulunu təqdim edib. Ölçüsü kredit kartından kiçik olan “RealSense ID F455” adlı yeni cihaz “ağıllı” qapı qıfıllarında və bankomatlar kimi digər giriş nəzarət nöqtələrində istifadə üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Intel RealSense ID F455” qurğusu şəkil, video və ya 3D maskalardan istifadə nəticəsində saxta giriş cəhdlərinin qarşısını almaq üçün daxili qoruma texnologiyasına malikdir.
İstifadəçinin xarici görünüşünün dəyişməsinə uyğunlaşmaq qabiliyyəti sistemin vacib xüsusiyyətidir: “RealSense ID” avadanlığı istifadəçini eynək taxsa da, saqqal uzatsa da və ya saç düzümünü dəyişdirsə də tanıyacaq. Bundan başqa, yeni avadanlıq daxili infraqırmızı sensorlar sayəsində müxtəlif işıqlandırma şərtlərinə uyğunlaşa bilir.
Emil Hüseynov