Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Sony” televizorları süni intellektli prosessorla təchiz ediləcək


“Sony” şirkəti insan beyninin imitasiyası sayəsində səhnələri daha realistik göstərən və səsləndirən yeni televizorlar təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, televizorlar süni intellektli prosessorla təchiz edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, prosessor televizora baxanda keyfiyyəti yaxşılaşdırmaq üçün görüntünü insan beyini kimi emal edir.

 

Texnoloji şirkətin yeni “XR” koqnitiv prosessoru “koqnitiv intellekt” kimi tanınan qabaqcıl süni intellektdən istifadə edir və televizorda görüntü və səsə düzəlişlər etmək üçün insanların necə görməsini və eşitməsini “başa düşür”.

 

“Sony” nümayəndələri qeyd edib ki, insan beyini obyekti görən zaman qeyri-ixtiyari olaraq diqqəti müəyyən nöqtələrə yönəldərək bütün görüntüləri skan edir və dərhal bir sıra elementlərin analizini aparır. Yeni prosessor da nəticədə daha realistik görünəcək səhnələrin yaradılması üçün bunu eyni şəkildə edə bilir.

 

Yaponiyanın texnoloji nəhəngi yeni texnologiya ilə təchiz edilən “Bravia XR” seriyalı yeni televizorları bu həftə keçiriləcək “CES” sərgisi ərəfəsində təqdim etmək niyyətindədir.

 

Yeni prosessorla yanaşı, şirkət yalnız yeni “Bravia XR” seriyalı televizorlar üçün nəzərdə tutulan və ən yeni “Sony Pictures Entertainment” kontentinin daxil olacağı “Bravia Core” adlı videoservis də nümayiş etdirib.

 

Ənənəvi olaraq hər il bir neçə gün ərzində Las-Veqasda keçirilən “CES” sərgisi 2021-ci ildə tam onlayn rejimdə baş tutacaq. Bazar ertəsi bir neçə məşhur brend, o cümlədən “Sony”, “Samsung”, “LG” və “Panasonic” yeni qurğu və məhsulların nümayişi məqsədilə virtual mətbuat konfransları keçirəcək.

 

Nizam Nuriyev






11/01/21    Çap et