Martda “Intel Tiger Lake” aparat platforması ilə işləyən “HP EliteBook 840 Aero G8” yığcam kompüteri satışa çıxarılacaq: yenilik “CES 2021” rəqəmli istehlak elektronikası sərgisi çərçivəsində təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, istehsalçı qurğunu dünyada 14 düymlük diaqonalla təchiz edilmiş ən yüngül biznes səviyyəli noutbuk adlandırır: çəkisi 1,13 kq-dır. Ekran Full HD (1920×1080 piksel) təsvir ölçüsünə malikdir. Alıcılar sensorlu və sensorsuz idarəetməyə malik versiyalar arasında seçim edə biləcəklər.
Modifikasiyadan asılı olaraq 11-ci nəsil “Intel Core i5” və ya “Core i7” prosessorundan istifadə olunur. “DDR4-3200” tipli əməli yaddaşın tutumu 64 QB-dır. Məlumatların yadda saxlanılması üçün tutumu 2 TB-dək olan “M.2 PCIe” sərtgövdəli daşıyıcıdan istifadə edilir.
Bundan başqa, “Wi-Fi 6” və “Bluetooth 5.0” simsiz rabitə adapterləri var. Əlavə olaraq “Intel XMM 7360 4G/LTE” və ya “Snapdragon X55 5G” modeminin quraşdırılmasını sifariş etmək mümkün olacaq. “eSIM” texnologiyasının dəstəyi reallaşdırılıb.
Yığcam kompüter iki dinamikdən ibarət “Bang & Olufsen” səs sisteminə, 720p təsvir ölçülü ön kamera, daktiloskopik skaner, “Thunderbolt 3”, “USB 3.1” və “HDMI” portlarına malikdir. Ölçüsü 323,6×214,7×17,9 mm təşkil edir.
“Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyən noutbukun qiyməti hələ açıqlanmayıb.
Emil Hüseynov