“Apple” şirkəti yeni smartfon və qulaqcığı yazda buraxacaq. Bu barədə Yaponiyanın “MacOtakara” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlərin şirkətin Çin tədarükçüsündən əldə etdiyi məlumata görə, apreldə iki yeni “Apple” qurğusu təqdim ediləcək. Belə ki, ən ucuz “iPhone SE” smartfonunun yeni nəsli, eləcə də “AirPods Pro” simsiz qulaqcığının yeni versiyası işıq üzü görəcək.
Qurğuların texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, jurnalistlər tərəfindən “iPhone SE” smartfonunun “MagSafe” simsiz enerjidoldurma qurğusu üçün aksesuarlar dəstəyi ilə təchiz ediləcəyi müəyyənləşdirilib. “AirPods Pro” qulaqcığı isə orijinal qarniturla müqayisədə daha kiçik qabaritə malik olacaq. Mənbələrin məlumatına görə, smartfon və simsiz qulaqcıq “Apple” şirkətinin yaz təqdimatında birlikdə nümayiş olunacaq.
“SE” smartfonlar seriyasının aktual modeli 2020-ci ilin aprelində buraxılıb. Qurğu 4,7 düymlük “IPS” ekran, “Home” düyməsi, “Apple A13 Bionic” çipi, 3 giqabaytlıq operativ yaddaş, 12 meqapikselli tək kamera ilə təchiz edilib. Orijinal “iPhone SE” modeli 2016-cı ilin yazında buraxılıb.
“MacOtakara” nəşrinin məlumatı analitik Min-Çi Konun hesabatı ilə ziddiyyət təşkil edir. Belə ki, analitikin bir müddət əvvəl bildirdiyinə görə, “Apple” yeni “iPhone SE” smartfonunu 2021-ci ilin ikinci yarısından tez buraxmayacaq. Onun sözlərinə görə, nisbətən ucuz olacaq qurğu “iPhone SE Plus” adlanacaq.
Nizam Nuriyev