“Samsung” şirkəti yeni qabaqcıl smartfonlarda yaddaş kartı üçün çıxışı ləğv edib. Bu barədə “Android Police” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər “Galaxy S21”, “S21 ” və “S21 Ultra” smartfonlarında yaddaş kartı üçün çıxışın olmamasına diqqət yetiriblər. Əvvəllər şirkətin qurğularında “microSD” formatlı xarici toplayıcı ilə birlikdə istifadə üçün nəzərdə tutulan oxşar çıxış mövcud olub. Müəlliflərin sözlərinə görə, bundan əvvəl “Samsung Galaxy Z Fold2” və “Z Flip” bükülən smartfonlarında yaddaş kartı üçün çıxışdan imtina edilib.
Məlumata görə, indi smartfon yaddaşında daha çox məlumat saxlamaq üçün istifadəçilər daha böyük tutuma (maksimum 512 giqabayt) malik bahalı qurğu almalı olacaqlar. Alternativ variant kimi istifadəçilər bir sıra sənədləri “bulud” saxlancında saxlaya bilərlər.
Həmçinin jurnalistlər qeyd edib ki, “Samsung” smartfonlarında yaddaş kartlarının funksionallığı qurğular tərəfindən “Adoptable storage” funksiyası dəstəklənmədikdən həmişə məhdud olub. Bu texnologiya qurğunun quraşdırılmış yaddaşı və yaddaş kartından vahid massiv yaratmağa imkan verir. Məsələn, bu, proqramları və onların məlumatını xarici daşıyıcıda saxlamağa şərait yaradır.
Müəlliflərin fikrincə, ucuz “Samsung” smartfonlarında yaddaş kartı üçün slot saxlanılacaq. Mütəxəssislər vurğulayıb ki, xarici toplayıcıdan müəyyən məhdudiyyətlər şərti ilə musiqi, video, foto və digər kontentin saxlanılması üçün istifadə etmək olar.
Nizam Nuriyev