Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” fərdi kompüterlər üçün “Exynos” prosessorları hazırlayır


“Samsung” şirkəti “Exynos” prosessorlarının tətbiqi sahəsini genişləndirmək niyyətindədir. Belə ki, perspektivdə bu çiplərdən fərdi kompüterlərdə istifadəyə başlanacağı bildirilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda “Exynos” məhsulları əsasən “Samsung” smartfonlarına quraşdırılır. Bundan başqa, bu seriyalı prosessorlara kənar tərtibatçıların qurğularında rast gəlmək mümkündür. Məsələn, bu yaxınlarda “Vivo” şirkəti “Exynos 1080” platformalı qabaqcıl “X60” və “X60 Pro” smartfonlarını nümayiş etdirib.

 

Məlumata görə, bu ilin dördüncü rübündə “Samsung” tərəfindən kompüterlər üçün “Exynos” məhsulu təqdim ediləcək. Onun əsasını konfiqurasiyasına 2,9 giqahers takt tezlikli bir güclü “Cortex-X1”, üç məhsuldar “Cortex-A78” və dörd enerjiyə qənaətcil “Cortex-A55” nüvəsinin daxil olduğu “Exynos 2100” çipi təşkil edəcək.

 

“Exynos” fərdi kompüter çipinin 5 nanometrlik texnologiya üzrə hazırlanacağı gözlənilir. Şirkət nümayəndələri bildirib ki, həll məhsuldarlığına görə “Qualcomm Snapdragon 865” mobil prosessorunu üstələyəcək.

 

“Exynos” kompüter prosessoru satışa çıxarılacağı təqdirdə mobil şəbəkələr vasitəsilə daim internetə qoşulu noutbuklarda tətbiq edilə bilər. Çipin tərkibinə “5G” modeminin daxil olacağı ehtimal edilir.

 

Nizam Nuriyev






19/01/21    Çap et