“Google” şirkəti bir sıra “Android” qurğularında bildirişlərin qəbulu və göndərilməsi funksiyasını söndürəcək. Bu barədə “XDA Developers” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər tərəfindən “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlarda populyar “Google Messages” messencerinin növbəti versiyasının “APK” proqramının kodu öyrənilib. 7.2.203 nömrəli beta versiyada mütəxəssislər tərəfindən qurğularda bildirişlər funksiyasının söndürülməsinə işarə edilməsi aşkarlanıb.
Təsvirə görə, funksiya sertifikatlaşdırılmamış smartfonları – “Google” mobil servisləri üçün bu və ya digər səbəbdən sertifikat almayan qurğuların əsas funksionallığını söndürəcək. Müəlliflərin fikrincə, “Google Messages” messencerinin işi “Huawei” istehsalı olan smartfonlarda dayandırılacaq. Buna səbəb kimi isə şirkətin ABŞ-ın sanksiyalar siyahısında yer alması və qurğularına “Google” servisləri quraşdırmaq hüququna malik olmaması göstərilir.
Ekspertlərin qənaətinə görə, bu tədbir messencerdə “RCS” şifrləmə protokolunun quraşdırılması ilə əlaqədardır. Beləliklə, “Google” sertifikatlaşdırılmamış smartfonlara müdaxilənin qarşısının alınmasına zəmanət verə bilmədiyindən onları servisdən ayırmaq niyyətindədir.
Yeni “Google Messages” versiyası martın 31-də buraxılacaq.
Nizam Nuriyev