“Xiaomi Redmi” törəmə şirkəti oyun həvəskarları üçün smartfon buraxmağı planlaşdırır. Bu barədə şirkətin top-meneceri Lu Veybinin “Weibo” mikrobloqlar servisindəki hesabında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, 2021-ci ildə “Redmi” kiberidmana diqqət yetirəcəyindən oyun həvəskarları üçün nəzərdə tutulan qabaqcıl smartfon buraxmaq niyyətindədir. “Redmi” rəhbəri qeyd edib ki, bu, brend seriyasında ilk belə qurğu olacaq.
Şirkət nümayəndəsi gələcək qurğunun xüsusiyyətlərini açıqlamasa da, onun qabaqcıl “Dimensity 1200” prosessoru ilə buraxılacağını vurğulayıb. Tayvanın “MediaTek” şirkətinin altı nanometrlik texnoloji proses üzrə hazırlanan prosessoru səkkiz “Cortex-A78” və “Cortex-A55” nüvəsindən ibarətdir və doqquznüvəli “Mali-G77” qrafik sürətləndiricisinə malikdir. Çip beşinci nəsil mobil rabitə şəbəkəsini və neyron şəbəkələrlə işi dəstəkləyir.
“Xiaomi Redmi” törəmə şirkəti oyun smartfonlarının buraxılışında ixtisaslaşıb. Çin korporasiyası 2020-ci ilin martında oyun həvəskarları üçün hazırda sonuncu hesab edilən qabaqcıl smartfon buraxıb. “Black Shark 3 Pro” modeli 7,1 düym diaqonallı “AMOLED” ekran, “Snapdragon 865” prosessoru, 12 giqabaytlıq operativ yaddaş, 64, 13 və 5 meqapikselli üçlü kamera, 5 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.
Nizam Nuriyev