Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2021-ci ildə qlobal İT bazarında yenidən artım qeydə alınacaq


“Gartner” analitik şirkətinin analitikləri “COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə qlobal İT bazarındakı azalmadan sonra yenidən artım gözləyirlər. Maraqlıdır ki, koronavirusun yayılması informasiya texnologiyaları üçün xərclərin artmasında katalizator rolunu oynayacaq, çünki pandemiya səbəbindən insanlar evdən işləməyə və oxumağa məcbur olublar ki, bu da müvafiq alətlərə, həmçinin “bulud” xidmətlərinə tələbatı artırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna əsasən, 2021-ci ilin nəticəsinə görə, qlobal miqyasda İT xərcləri ötən illə müqayisədə 6,2% artaraq 3,92 trilyon dollara yaxınlaşacaq. 2022-ci ildə İT sahəsində 4,6%-lik artım (4,1 trilyon dollaradək) gözlənilir.

 

Pandemiya nəticəsində ən çox zərər dəymiş qurğuların satış həcmi (2020-ci ildə smartfon, planşet, fərdi kompüter, printer üçün xərclər 8,2% azalıb) 8% artaraq 705,4 milyard dollar təşkil edəcək. 2021-ci ildə korporativ proqram təminatının satış həcmi 8,8%-lik artım nümayiş etdirəcək.

 

Con-Devid Lavlok 2020-ci ildə məsafədən təhsilin intensiv inkişafını nəzərə alaraq İT avadanlıq bazarında artım potensialının olduğunu qeyd edib. Evdən təhsil və işləmək tendensiyası noutbuk və planşetlərin satışına imkan yaradır. Mütəxəssislərin sözlərinə görə, böhran bir sıra şirkətlərə güclənərək yeni bazarlar ələ keçirməkdə kömək edəcək, bəziləri isə bazarı tərk etməli olacaqlar.

 

Emil Hüseynov






27/01/21    Çap et