Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan “TikTok” sosial şəbəkəsini həmişəlik bloklayıb


Hindistanda “TikTok” sosial şəbəkəsi daxil olmaqla, 59 Çin proqramının istifadəsi rəsmi qadağan edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi bu qərarı qəbul edib. Bundan əvvəl ötən ilin iyununda, Hindistan hakimiyyəti Çinin 59 proqramının istifadəsini qadağan edərək onları müstəqilliyə və milli təhlükəsizliyə təhlükə adlandırmışdı. Hakimiyyət tərtibatçılara məxfilik və təhlükəsizlik tələblərinə riayət etmək barədə öz mövqeyini izah etmək, həmçinin bir sıra suallara cavab vermək imkanı yaratmışdı.
 
Bu şirkətlər tərəfindən verilmiş cavab və ya izahat hökumət rəsmilərini qane etməyib. Buna görə həmin 59 proqram həmişəlik bloklanıb.
 
Həmişəlik qadağan edilmiş platformaların siyahısına “TikTok”, “WeChat” və “Alibaba” şirkəti tərəfindən hazırlanmış “UC Browser” brauzeri daxil edilib.
 
Çin proqramlarının Hindistanda qadağan edilməsi haqqında qərar iki ölkə arasında Ladakx sərhəd zonasında gərginlik fonunda qəbul edilib.
 
Emil Hüseynov





27/01/21    Çap et