“Apple” şirkəti 2020-ci ilin dördüncü rübündə bazar tarixində digər şirkətlərdən daha çox smartfon satıb. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Apple” şirkətinin bir neçə müddətdir satılan “iPhone” smartfonlarının sayını rüblük hesabatlara daxil etməməsinə baxmayaraq bu göstəricilər analitiklər tərəfindən izlənilir. “IDC” şirkətinin məlumatına görə, ötən ilin oktyabr-dekabrında ABŞ istehsalçısı 90,1 milyon yeni “iPhone” modeli satıb.
Bu, şirkətə 23,4 faiz bazar payı ilə smartfon istehsalçıları reytinqində birinci yeri tutmağa imkan verib. “Apple” 73,9 milyon smartfon sataraq 19,1 bazar payına sahib çıxan Cənubi Koreyanın “Samsung” şirkətini ikinci pilləyə enməyə məcbur edib. Bununla yanaşı, hər iki şirkət 2019-cu ilin dördüncü rübü ilə müqayisədə tədarük həcmində müvafiq olaraq 22,2 və 6,2 faiz artım nümayiş etdirib.
Smartfonların rüblük satışının yekunları üzrə üçüncü yerə “Xiaomi” layiq görülüb: Çin şirkəti 43,3 milyon qurğu sataraq 11,2 faiz bazar payı ilə kifayətlənib. Dördüncü mövqedə 33,8 milyon satılan qurğu və 8,8 faiz payla “Oppo” yer alıb. Liderlər beşliyini son lider “Huawei” tamamlayıb. ABŞ sanksiyaları səbəbindən ziyan çəkən şirkət 32,3 milyon smartfon satıb ki, bu da bir il əvvəlin analoji rübündən 42 faiz azdır. Nəticədə onun bazar payı 8,4 faizədək azalıb.
Nizam Nuriyev