Yeni "Samsung" smartfonlarının istifadəçiləri kontaktsız ödənişlərin emalı ilə bağlı problemlərdən şikayətlənməyə başlayıblar. Bu barədə "XDA Developers" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, jurnalistlər qabaqcıl "Galaxy S21" seriyalı smartfonların sahiblərinə istinad edirlər. Qurğulardan şikayətlər Böyük Britaniya və İtaliyada yaşayan istehlakçılardan qeydə alınıb. Məlumata görə, qurğu istifadəçiləri quraşdırılmış "Samsung Pay" ödəniş sistemində yaranan problemlərlə qarşılaşıblar. Onların sözlərinə görə, "POS" terminallar və internet vasitəsilə ödənişlər etmək qeyri-mümkündür.
Bundan başqa, smartfon sahibləri qurğular buraxıldıqdan sonra mövcud səhvləri aradan qaldıracaq proqram yeniləmələrinin göndərilməməsindən şikayət edirlər. Mütəxəssislərin fikrincə, problem sıradan çıxan qurğularda regionun düzgün göstərilməməsi ilə əlaqədardır. Məsələn, Böyük Britaniya istifadəçilərində "BTU" regionu əvəzinə, "EUX" (European Union) regionu quraşdırılıb. Bu səbəbdən təhlükəsizlik baxımından ödəniş funksiyası işləməyə bilər.
Böyük Britaniyadan olan "XDA Developers" oxucusu bildirib ki, yerli mobil rabitə operatoru tərəfindən yeniləmə təqdim edilib və bunun sayəsində smartfonda düzgün regionu quraşdırmaq mümkün olub. Bundan sonra qurğu yeniləmə ilə təchiz edilib, eləcə də "Samsung Pay" sistemi işləməyə başlayıb.
Məqalə yazılan zaman "Samsung" şirkəti problemə reaksiya verməyib.
Yeni qabaqcıl "Samsung" smartfonlar seriyası yanvarın 14-də nümayiş olunub. Onlayn tədbirdə Cənubi Koreya istehsalçısı "Galaxy S21", "Galaxy S21 " və "Galaxy S21 Ultra" olmaqla üç qurğu təqdim edib.
Nizam Nuriyev