Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin ilk tədbiri keçirilib


Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tətbiqi Elm Həftəsi”nin açılışı olub.

 

Lütfi Zadə Texnologiya Mərkəzinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Paşa Bank” və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilən “Tətbiqi Elm Həftəsi” 5 fevral tarixinədək davam edəcək.

 

Təbirdə “Tətbiqi Elm Həftəsi”nin rəssam Adil Əsədli tərəfindən hazırlanmış emblemi, həftənin məqsədi və Lütfi Zadə Texnologiya Mərkəzinin təsis olunması haqqında məlumat verilib.

 

Bildirilib ki, fevralın 4-də Lütfi Zadə Texnologiya Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin fəaliyyəti inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovörkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması və innovasiya ekosisteminin üzvləri üçün ortaq platformanın yaradılmasına yönəlib.

 

Qeyd olunub ki, həftə çərçivəsində “Elmin tətbiqini necə sürətləndirmək?” və “Ekosistemi necə inkişaf etdirmək?” kimi mövzularda canlı və onlayn formatda müzakirələr aparılacaq.

 

Daha sonra tədbir "Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri" adlı rəsm sərgisi ilə davam edib. Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü Adil Əsədlinin rəsmləri əsasında təşkil olunub.






02/02/21    Çap et