Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” elektromobillərin istehsalına böyük investisiya yatıracaq


Cənubi Koreya kütləvi informasiya vasitələrində “Apple” şirkətinin “Kia Motos” istehsalçısına böyük məbləğdə investisiya yatırmaq niyyətində olması barədə məlumatlar yayıldıqdan sonra çərşənbə günü keçirilən hərraclarda avtomobil istehsalçısının səhmlərinin dəyəri 14,5 faiz bahalaşıb. “Bloomberg” agentliyinin məlumatına görə, söhbət 4 trilyon von (3,6 milyard dollar) məbləğdən gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, vəsaitlərin elektromobillərin hazırlanması və istehsalı sahəsində birgə layihəyə sərf olunacağı nəzərdə tutulur. İddiaya görə, “Apple” elektromobilləri “Kia” şirkətinin Corciya ştatında yerləşən müəssisəsində yığmağa hazırlaşır. Bunu nəzərdə tutan sazişin fevralın 17-də imzalanacağı gözlənilir.

 

Cənubi Koreyanın “Don-qa İlbo” qəzetinin məlumatına görə, ilk “Apple” avtomobilinin nümayişi 2024-cü ilə planlaşdırılır. İlk ildə planlaşdırılan istehsal həcmi 100 min avtomobil təşkil edir.

 

Bu, KİV-də “Apple” şirkətinin avtomobil istehsalçıları ilə elektromobillərin birgə istehsalı üçün razılığa gəlməsi haqqında yayılan ilk məlumat deyil. Belə ki, fevralın 1-də “Kia” şirkətinin böyük səhmdarı qismində çıxış edən Cənubi Koreyanın “Hyundai” konserninin “E-GMP” (Electric-Global Modular Platform) modul platformasının yeni avtomobilin əsasını təşkil edəcəyi barədə məlumatlar yayılıb.

 

Nizam Nuriyev






04/02/21    Çap et