Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 13 Pro” smartfonunun qiyməti bəlli olub


Bir terabaytlıq quraşdırılmış yaddaş tutumuna malik yeni “iPhone” modelinin qiyməti rekord səviyyədə olacaq. Bu barədə Çinin “MyDrivers” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşrin jurnalistləri maksimum bir terabayt tutumlu toplayıcı ilə təchiz ediləcək “iPhone 13 Pro” smartfonunun qiymətinin nə qədər olacağını proqnozlaşdırıblar. Müəlliflər xatırladıb ki, ABŞ-da 128 giqabaytlıq yaddaşa malik “iPhone 12 Pro” modeli 999 dollar, 256 və 512 giqabaytlıq versiyalar müvafiq olaraq 1099 və 1299 dollar dəyərində qiymətləndirilib. Çində göstərilən modellərin qiyməti müvafiq olaraq 8499, 9299 və 11 099 yuan təşkil edib.

 

Məlumata görə, “Apple” şirkətinin qiymətqoyma siyasəti maksimal toplayıcı tutumlu gələcək qurğunun qiymətini müəyyənləşdirməyə imkan verəcək. Belə ki, jurnalistlər qeyd edib ki, hər dəfə yaddaş tutumu 128 giqabayt artırılarkən qurğunun qiyməti regiondan asılı olaraq təxminən 100 dollar və ya 800 yuan bahalaşır. Bundan mütəxəssislər belə nəticə çıxarıblar ki, bir terabayt yaddaş tutumlu “iPhone 13 Pro” modeli ABŞ və Çində müvafiq olaraq 1699 dollar və 14 min yuan qiymətləndirilə bilər.

 

Müəlliflərin sözlərinə görə, bu, yeni “Apple” seriyalı smartfonlarda qurğunun maksimal qiyməti deyil, çünki seriyaya “iPhone 13 Pro Max” modeli də daxil olacaq. Bir terabaytlıq quraşdırılmış yaddaşa malik təsvir olunan qurğu istifadəçiyə fərdi məlumatların saxlanılması və yüksəkkeyfiyyətli foto və videoların çəkilişi üçün narahat olmamağa imkan verəcək.

 

“Apple” smartfonlarının 2021-ci ildə rekord tutumlu toplayıcı ilə təchiz ediləcəyini oktyabrda bloger Con Prosser açıqlayıb. Onun sözlərinə görə, istifadəçilərin müraciətləri nəzərə alınmaqla “iPhone” modelinin maksimal yaddaş tutumunun artırılması məntiqli görünür.

 

Nizam Nuriyev






04/02/21    Çap et