“Windows 10” əməliyyat sistemində quraşdırılmış brauzerlərdən biri ləğv ediləcək. Bu barədə “Windows Latest” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşrin jurnalistləri “Windows 10 21H2” yeniləməsi üçün yeni dil paketinin kodunu öyrəndikdən sonra orada brauzerlərdən birinin sadalanmadığını aşkarlayıblar. Buna əsasən gələcək yeniləmədə “Microsoft” korporasiyası tərəfindən sistemdən “EdgeHTML” proqramına əsaslanan klassik “Edge” brauzerinin ləğv ediləcəyi gözlənilir. Beləliklə, əməliyyat sistemində internetə çıxış üçün yalnız bir quraşdırılmış proqram – “Chromium” proqramına əsaslanan “Microsoft Edge” qalacaq. Təsvirə görə, proqram yüksək məhsuldarlığı və təkmilləşdirilmiş təhlükəsizliyi ilə seçilir.
Cari “Windows” quraşdırmalarında üç adi brauzer – köhnəlmiş “Internet Explorer”, “EdgeHTML” proqramı əsasında “Edge” və “Chromium” proqramı əsasında “Edge” mövcuddur. Məlumata görə, ilk iki proqram əməliyyat sistemindən birdəfəlik silinəcək, onların bütün məlumatları isə aktual “Edge” versiyasına köçürüləcək.
Həmçinin mütəxəssislər tərəfindən “EdgeHTML” proqramının əməliyyat sisteminin bir sıra quraşdırılmış xidmətlərinə sürətli inteqrasiyası qeydə alınıb. Jurnalistlərin fikrincə, proqramın iştirak izləri “Windows 10” əməliyyat sistemindən tədricən silinəcək.
Nizam Nuriyev