ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı öz çipinin məhsuldarlığını “Apple” şirkətinin rəqib modeli ilə müqayisə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, korporasiyanın mütəxəssisləri tərəfindən müxtəlif şəraitdə prosessorların gücü, işləmə sürəti və avtonomluğunun müqayisəsi aparılıb. Testlər zamanı dördnüvəli, 4800 hers takt tezlikli və 16 giqabaytlıq operativ yaddaş dəstəkli “Intel Core i7-1185G7” prosessorlu kompüterdən və “M1” çipli və 16 giqabaytlıq operativ yaddaşa malik “MacBook Pro” noutbukundan istifadə edilib. Ofis proqramları ilə iş zamanı “Intel” prosessoru rəqib üzərində üstünlük nümayiş etdirib. Məsələn, “Intel” çipi əsasında kompüter “Apple” noutbuku ilə müqayisədə “Microsoft Powerpoint” vasitəsilə “PDF” formatını 2,34 dəfə tez yaradıb.
“Gigapixel AI” proqram təminatı ilə iş zamanı “Intel” prosessoru 6 dəfə üstünlük nümayiş etdirib, “Photoshop” və “Lightroom Classic” testlərində isə çip 1,5 dəfə sürətli olub. “Intel” mütəxəssisləri qeyd edib ki, “M1” çipi proqram təminatında uyğunluq problemi ilə əlaqədar iyirmi beş testin səkkizini yerinə yetirə bilməyib.
“Intel” mikroprosessoru videooyunlarda da yüksək məhsuldarlıq nümayiş etdirib. İstisnanı yalnız “M1” çipinin rəqibi xeyli üstələdiyi “Hitman” oyunu təşkil edib. Jurnalistlər vurğulayıb ki, bir sıra başlıqlar “Apple” prosessorlu kompüterdə iş üçün optimallaşdırılmadığından “Intel” mütəxəssisləri tərəfindən “M1” çipinə sıfır bal verilib.
Həmçinin test müəllifləri “Apple” prosessorunun 18 saatadək avtonomluğu təmin etməsi ilə bağlı fikri təkzib ediblər. Mütəxəssislər bildirib ki, real şəraitdə – “Chrome” brauzerində “Netflix” servisinin işə salınması zamanı “MacBook Pro” noutbuku 10 saat 12 dəqiqə işləyib. Müqayisə üçün qeyd edək ki, “Core i7-1165G7” prosessorlu “Acer Swift 5” noutbuku analoji şəraitdə 10 saat 6 dəqiqə işləyib.
“Apple” şirkəti öz istehsalı olan “M1” prosessoru əsasında ilk qurğuları noyabrın 10-da təqdim edib. Seriyaya “Mac mini” fərdi kompüteri, “MacBook Pro” və “MacBook Air” noutbukları daxildir. ABŞ şirkətinin nümayəndələri “WWDC-2020” konfransı zamanı bəyan ediblər ki, “Apple” kompüterləri öz istehsalı olan prosessorlara keçirir və “Intel” çiplərindən imtina edir.
Nizam Nuriyev