Həm “Google” şirkəti, həm də təhlükəsizlik üzrə mütəxəssislər mobil proqramları yalnız “Google Play” kimi rəsmi internet mağazalarından yükləməyi tövsiyə edirlər. Ancaq bu vəziyyətdə belə istifadəçilər tam təhlükəsiz deyillər. Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Malwarebytes” firmasının hesabatı bunu təsdiq edir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Malwarebytes” firmasının mütəxəssisləri dekabrın sonunda "Chrome" brauzerindən istifadə zamanı gözlənilmədən ekrana çıxan reklam elanları haqqında məlumat verən istifadəçilərin şikayətlərini qeydə almağa başlayıblar. Maraqlıdır ki, həmin istifadəçilərin heç birində mobil cihazların bu davranışını izah edə biləcək yeni proqram quraşdırılmayıb. Sonda istifadəçilərdən biri aşkar edib ki, bu zəhlətökən reklamın mənbəyi çoxdan yüklənilmiş QR ştrix-kod skaneri “Barcode Scanner” mobil tətbiqi olub.
“Barcode Scanner” uzun illər mövcuddur və bu müddət ərzində “Google Play” internet mağazasından 10 milyon dəfədən çox yüklənilib. Dekabrın əvvəlində çıxarılmış ən son yeniləmələrdən birində zərərverici funksionallıq olduğu məlum olub. Proqram kodunun təhlili zamanı tərtibatçıların ona zərərverici kod əlavə etdiyi məlum olub.
Emil Hüseynov