"Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts bəşəriyyətin qarşısında duran ən böyük problemi açıqlayıb. Milyarderin fikrincə, 2050-ci ilədək iqlim bitərəfliyinə nail olmağın qeyri-mümkünlüyü gələcək üçün ən böyük problemdir.
"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, Bill Qeyts insanların istixana qazlarının həcmini azaltmalı və iqlimə mənfi təsiri aradan qaldırmalı olduğunu bildirib. O, həmçinin Avstraliya Milli İctimai Yayım korporasiyasına verdiyi müsahibəsində istixana qazı tullantılarının kömür, neft və qaz yanmasından əldə olunan enerji ilə əlaqəli olduğuna diqqət çəkib. Milyarder nüvə enerjisinin gələcəyin daimi enerji mənbəyinə çevriləcəyinə əmindir, çünki günəş və külək enerjisindən fərqli olaraq yalnız nüvə enerjisi bu funksiyanı davamlı olaraq yerinə yetirə bilər.
Alimlərin araşdırmasına görə, planetdə iqlim bitərəfliyinə nail olmaq üçün 2050-ci ilədək nüvə enerjisi istehsalının həcmi 930 qiqavatadək artırılmalıdır. Hazırda bu göstərici 393 qiqavatt təşkil edir.
Emil Hüseynov