"Android" əməliyyat sisteminin yeni versiyasında smartfonu birəlli idarə etmək imkanı yaradılacaq. Bu barədə "9to5Google" nəşrinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "Android 12" sistemi haqqında mənbənin hesabatını öyrənən nəşrin jurnalistləri tərəfindən orada böyük ekrana malik telefonlar üçün xüsusi rejimin sadalanması aşkarlanıb. Məlumata görə, onun aktivləşdirilməsi zamanı ekranın iş sahəsi bütün interfeys elementlərinin bir əlin baş barmağı ilə basılması üçün sıxılaraq kiçilir.
Müvafiq rejimi aktivləşdirmək üçün istifadəçi müəyyən jestlər etməlidir: məsələn, barmağı ekranın yuxarı hissəsindən aşağı hissəsinə aparmalıdır. "Android 12" sisteminin bu funksiyası bir əllə idarə edilməsi çətin olan böyükekranlı smartfonların problemini həll edəcək.
Bildirilir ki, istifadəçi rejimi özünə uyğun şəkildə quraşdıra bilər: məsələn, yeni funksiya müəyyən proqramların işə salınması zamanı aktiv olunsun, eləcə də onun iş vaxtı təyin edilsin. Həmçinin mətnin yığılması zamanı ekranın iş sahəsi displeyin bütün istiqamətlərinə tərəf dönəcək.
Jurnalistlər vurğulayıb ki, əksər "Android" smartfon istehsalçıları qurğuların bir əlin köməyi ilə idarə olunması üçün onların interfeysini optimallaşdrmağa çalışır. Məsələn, "Samsung" şirkətinin "One UI" proqram təminatının interfeys elementləri elə qurulub ki, onlara bir əlin baş barmağı ilə toxunmaq mümkün olsun.
Şayiələrə görə, yeni "Android" versiyasının kod adı "Snow Cone" olacaq. "Google" şirkətinə məxsus əməliyyat sisteminin beta versiyasının fevralın sonunadək tərtibatçıların istifadəsinə veriləcəyi gözlənilir. "Android 12" əməliyyat sisteminin təqdimatı isə ilin ortalarına planlaşdırılır.
Nizam Nuriyev