“IDC” agentliyinin hesabatına əsasən, “Windows” platforması kompüterlər üçün əməliyyat sistemləri bazarında öz liderliyini qoruyub saxlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 2020-ci ildə “Microsoft” şirkətinə məxsus əməliyyat sisteminin bazar payı 85,4-dən 80,5%-dək azalıb. “Apple” şirkətinə məxsus “macOS” sisteminin bazar payının 6,7-dən 7,5%-dək artmasına baxmayaraq, reytinqdə ikinci yeri itirib. Bazar payı il ərzində 6,4-dən 10,8%-dək artmış “Google”un “Chrome OS” sistemi ikinci yeri tutub. Digər əməliyyat sistemlərinin birgə bazar payı 1,2%-dir.
Mütəxəssislər “Chrome OS” əməliyyat sisteminin populyarlığını əhalinin aktiv hissəsinin (tələbələr və məktəblilər) distant işləməsi və ya təhsil alması ilə izah ediblər. Buna görə ucuz “Chromebook” noutbuklarına quraşdırılmış “Chrome OS” sisteminə tələbat artıb.
“Microsoft” şirkəti, həmçinin ucuz noutbuk istifadəçiləri üçün nəzərdə tutulmuş “Windows 10X” platforması üzərində işləyir. Bu əməliyyat sisteminin 2021-ci ilin ortasında təqdim ediləcəyi gözlənilir.
Emil Hüseynov