Yaponiyanın “East Japan Railway” dəmiryolu şirkəti “NTT Docomo” mobil rabitə operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) “Alfa-X” ekspress qatarının köməyi ilə siqnalın ötürülməsini sınaqdan keçirib. Nəticədə 500 Mbit/saniyə sürətində siqnalın qəbulu, 100 Mbit/saniyə sürətində ötürülməsinə nail olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, testlər zamanı “Docomo” operatorunun infrastruktur və avadanlığı, eləcə də 360 km/saat sürətlə hərəkət edən “Alfa-X” qatarı cəlb olunub. İki baza stansiyası yolda bir-birindən 900 metr aralıda olmaqla 1-1,5 km məsafədə quraşdırılıb, kommutasiya avadanlığı isə qatarda yerləşdirilib.
Sınaqlar 4,85 QHs tezlik diapazonunda 100 MHs zolaq genişliyində aparılıb. Sınaqlar ötən ilin oktyabr-dekabrında keçirilib.
“East Japan Railway” və “Docomo” tərəfindən aparılan uğurlu testdən məlum olub ki, sistem həm yol infrastrukturunda, həm də qatarda video rejimində “4К/8К” təsvir ölçülü görüntünü dayanıqlı şəkildə ötürə bilir.
Nizam Nuriyev