İnternet mənbələrində “AMD” məhsuldarlıq qrafikası ilə təchiz edilən “Samsung Exynos” mobil prosessorlar layihəsinə aid yeni informasiyalar dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Exynos 2100” prosessorunun buraxılışına həsr edilən yanvar tədbiri çərçivəsində “Samsung System LSI” bölməsinin prezidenti İnyup Kanq şirkətin “AMD” istehsalçısı ilə növbəti qabaqcıl məhsula quraşdırılacaq yeni nəsil qrafikası yaratmasını bildirib.
Layihənin konkret olaraq nə vaxt həyata keçiriləcəyi açıqlanmayıb.
Etibarlı mənbə kimi tanınan “Ice universe” (@UniverseIce) adlı populyar blogerin sözlərinə görə, “Samsung” şirkəti “AMD” qrafikalı “Exynos” məhsullarına həsr edilən təqdimatı növbəti rübün sonunda – iyunda keçirəcək. Təqdimat çərçivəsində şirkət tətbiq edilən texnologiyalar və prosessorun texniki göstəriciləri barədə məlumat verəcək.
Yeni nəsil mobil prosessorların faktiki buraxılışı bir müddət sonra baş tutacaq. Bu çiplərin məhsuldarlığa görə “Apple A14 Bionic” prosessorlarını üstələyəcəyi gözlənilir.
Nizam Nuriyev