Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada 1 TB həcmində ən nazik fləş-modul təqdim edilib


"Kioxia" şirkəti dünyada 1 TB (terabayt) həcmində ən nazik fləş-modulunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Kioxia" şirkətinin nümayəndəsi yüksək məhsuldarlığa malik mobil qurğularda tətbiq üçün nəzərdə tutulmuş yeni "Universal Flash Storage 3.1" (UFS) fləş-modulunun sınaq tədarükünə start verilməsini elan edib. Yeni fləş-modulun "5G" rabitə şəbəkəsini dəstəkləməsi bildirilir. İnformasiyanın ardıcıl oxuma sürəti 2050 Mbayt/san, ardıcıl yazma sürəti isə 1200 Mbayt/san təşkil edir.

 

Yeni fləş-modul "BiCS FLASH 3D" yaddaşına və kontrollerə malikdir. O, səhvlərin düzəlişi ilə məşğul olur, məntiqi ünvanların fiziki ünvanlara çevrilməsini yerinə yetirir və nasaz blokları idarə edir. Bu, belə yaddaşın real məhsullarda praktik tətbiqini xeyli asanlaşdırır.

 

"Kioxia" şirkətinin bəyanatına görə, yeni "UFS 3.1" fləş-modulunun qalınlığı 1,1 mm-ə bərabərdir.

 

Yeni fləş-modulun dəyəri açıqlanmayıb. Çox güman ki bu modulla təchiz edilmiş ilk kommersiya qurğuları cari ilin ikinci-üçüncü rübündə təqdim ediləcək.

 

Emil Hüseynov






04/03/21    Çap et