"ZTE" şirkəti "Weibo" sosial şəbəkəsi vasitəsilə tezliklə yeni seriyalı smartfonlar nümayiş etdirəcəyini açıqlayıb. Söhbət "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "S Series" seriyalı qurğulardan gedir.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, hazırda qurğular haqqında informasiya məhdud olsa da, hazırlanan smartfonların əsasən gənclər üçün nəzərdə tutulacağı məlumdur.
Bu isə o deməkdir ki, "ZTE" foto və videoçəkiliş imkanlarına böyük diqqət yetirəcək. Qurğular çoxmodullu kamera ilə təchiz ediləcək. Onun üç görüntü sensorunu özündə birləşdirəcəyi ehtimal olunur.
"S Series" seriyasına beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modellərin daxil olacağı gözlənilir. Bundan başqa, digər cəlbedici funksiyalar sadalanır.
Hazırda gələcək smartfonlar haqqında yalnız bu informasiya məlumdur. Təfərrüatlar yaxın gələcəkdə açıqlanacaq.
"Gartner" analitik şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə dünya bazarında 1,35 milyard smartfon satılıb. Bu, tədarük həcminin 1,54 milyard ədədə bərabər olduğu 2019-cu ildən 12,5 faiz azdır.
Nizam Nuriyev