Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspertlər: “Vaksinasiya haqqında saxta saytların sayı kəskin artıb”


"COVID-19" koronavirus infeksiyasının vaksinasiyası ilə əlaqədar domenlərin qeydiyyata alınması sayında son 8 ayda 4 dəfə artım qeydə alınıb. Bununla yanaşı, potensial təhlükəli saytların sayı 29 faiz çoxalıb. Bu barədə "Check Point" kibertəhlükəsizlik şirkətinin bloqunda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti " resursuna istinadən yazır ki, 2021-ci ilin iyul-fevralında adında "vaksin" sözü olan 300 faiz çox yeni domen qeydə alınıb. Bunun üçdəbiri istifadəçi məlumatlarının oğurlanmasına və zərərli proqramların gizlicə quraşdırılmasına yönələn zərərli resursların payına düşür.

 

Məsələn, "Check Point" tədqiqatçıları tərəfindən ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) saxta saytı aşkarlanıb. Vaksinasiya edilməyə yazılmaq istəyən etimad göstərmiş istifadəçilərə guya "Microsoft" hesabına daxil olmaq üçün login və parolu daxil etmək təklif olunub. Reallıqda isə hesab məlumatları saxta saytı idarə edən fırıldaqçılara göndərilib.

 

Mütəxəssislərin fikrincə, vaksinlə əlaqədar saxta resursların sayı yaxın gələcəkdə artacaq. Cinayətkarların "tələ"sinə düşməmək üçün "Check Point" domen adında orfoqrafik səhvlərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə onları təkrar yoxlamağı, təcili "vaksini onlayn al" təklifli reklamı, eləcə də parolun dəyişdirilməsi (bu prosedura istifadəçi tərəfindən təşəbbüs göstərilmədikdə) haqqında məktubları rədd etməyi tövsiyə edir.

 

"COVID-19" vaksininin satışı haqqında elanlar internetin "qaranlıq" (darknet) tərəfində xüsusilə çoxdur. "Kasperski laboratoriyası ekspertləri tərəfindən müəyyənləşdirilib ki, "darknet"də inyeksiyanın bir dozasının qiyməti 250-1200 dollar arasında dəyişsə də, dərmanın orijinallığını müəyyənləşdirmək qeyri-mümkündür.

 

Nizam Nuriyev






09/03/21    Çap et