“Apple” şirkəti “iPhone 12” smartfonunun istehsalının 10 faizini Çindən Hindistana köçürmək niyyətindədir. Bununla əlaqədar “Foxconn” şirkəti müvafiq istehsal avadanlığı hazırlayır. Bu barədə Hindistan KİV-nin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, hazırda Hindistanda bir sıra smartfon modelləri istehsal edən “Apple” ölkədə qabaqcıl “iPhone 12” smartfonlarının istehsalına başlamağı planlaşdırır. “iPhone 12” modelinin Hindistanda ilk istehsalına “Foxconn” şirkəti başlayacaq. 2021-ci ilin sonunda isə “Pegatron” şirkəti də ölkədə smartfonun buraxılışına start verəcək.
Hindistan KİV-nin bir müddət əvvəl verdiyi məlumata görə, “Apple” şirkəti “iPhone 12” seriyasının Hindistanda istehsalını nəzərdə tutur. “Wistron” şirkəti də Banqalor şəhərində yeni “iPhone” modelinin istehsalına başlamağa hazırlaşır. Otuz milyon dollar investisiya qoymağı planlaşdıran “Wistron” yeni zavod üçün 10 min əməkdaşı işə götürmək niyyətindədir. Zavodun bu ilin oktyabrında istifadəyə tam hazır olacağı gözlənilir. Buna baxmayaraq artıq 1000-ə yaxın yeni əməkdaş “Wistron” şirkətində işə başlayıb.
Hazırda “Apple” Hindistanda “iPhone 6S”, “iPhone 11”, “iPhone XR” və yeni “iPhone SE” kimi smartfonlar istehsal edir. Bundan başqa, mənbələrin məlumatına görə, “Apple” Çindən asılılığı azaltmaq məqsədilə yerli istehsalı inkişaf etdirir.
Yerli istehsalda “Apple” idxal edilən məhsula görə verginin olmaması səbəbindən xərcləri 22 faiz azaldacaq.
Nizam Nuriyev