Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC”: “Bulud” texnologiyaları CO2 tullantılarını 1 milyard ton azaltmağa kömək edəcək”


“International Data Corporation” (IDC) şirkəti yaxın illərdə “bulud” texnologiyalarının inkişafının dünya miqyasında ekoloji vəziyyətə müsbət təsir göstərəcəyini proqnozlaşdırır. Söhbət atmosferə karbon qazı (CO2) tullantılarının xeyli azaldılmasından gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, hazırda “bulud” platformaları əsasında təqdim edilən xidmətlərə tələbatın sürətlə artması müşahidə edilir. Buna bazarın rəqəmli transformasiyası və pandemiya kömək edir. Belə ki, koronavirusun yayılması fonunda distansiyalı iş və təhsil vasitələrinə tələbat kəskin artıb.

 

Şirkətin proqnozuna görə, 2021-2024-cü illərdə “bulud” sistemlərinin inkişafı CO2 tullantılarını 1 milyard tondan çox azaltmağa imkan verəcək. Bu, belə izah olunur ki, “bulud” platformaları korporativ sinifli adi İT sistemləri ilə müqayisədə aqreqasiya edilmiş hesablama resurslarından istifadədə daha yüksək effektivliyə malikdir.

 

Bundan başqa, xidmətlərin “bulud” modeli əsasında təqdim edilməsi data mərkəzlərinin dünyanın istənilən guşəsində yerləşdirilməsi imkanını nəzərdə tutur. Bu o deməkdir ki, server kompleksləri bərpa edilən enerjidən istifadə üçün əlverişli şəraitin mövcud olduğu ərazilərdə yerləşə bilər.

 

Nizam Nuriyev






15/03/21    Çap et