Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OLED” panellər bazarında Çin və Cənubi Koreya şirkətləri arasında fərq azalır


Çin şirkətləri “OLED” ekranlar bazarında Cənubi Koreya şirkətlərinə çataraq onları geridə qoymağa hazırlaşır. Ötən il onlar dövlətin dəstəyi ilə buraxılışı artıraraq ilk dəfə bazarda 10 faiz paya sahib çıxıblar. Sahədə üç il əvvəl maye-kristal panellər bazarında baş verənlər təkrarlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, Koreya Displey İstehsalçıları Assosiasiyası martın 14-də Çinin ötən il dünya “AMOLED” smartfonlar bazarında payının 13,2 faiz təşkil etməsini açıqlayıb. 2016-cı ilə bu göstərici 1,1 faiz olsa da, 2019-cu ildə 9,8 faizədək artıb.

 

“BOE” şirkətinin 2017-2020-ci illərdə bazar payı 0,1 faizdən 8,8 faizədək yüksəlib. Bundan başqa, şirkətin “OLED” panelləri “Apple” keyfiyyət testindən keçib və ilin ikinci yarısında “iPhone 12” smartfonlarında istifadə üçün 6,1 düym ölçüdə olan panellərin tədarükünə başlayıb.

 

Çinin digər istehsalçıları, o cümlədən “CSOT”, “Tianma” və “EDO” istehsalın genişləndirilməsinə investisiyaları sürətlə artırır. Hazırda Çində 20-dən çox “OLED” istehsal xətti tikilir və ya inşası planlaşdırılır.

 

Maye-kristal displeylər bazarında üç il əvvəl Çin şirkətləri, o cümlədən “BOE” və “CSOT” 10,5G altlığı üçün hesablanan istehsal gücünü sürətlə artırıb. Onlar maye-kristal panellər istehsal edərək Cənubi Koreya şirkətlərindən təxminən 30 faiz ucuz satıblar. Bu vəziyyətdə 55 düymlük “4K” maye-kristal panellərinin orta qiyməti 2019-cu ilin dekabrında 2017-ci ilin avqustundakı 192 dollardan 100 dollara düşüb.

 

Qeyd olunur ki, “OLED” panellərdə Cənubi Koreya və Çin tədarükçüləri arasında texnoloji fərq hələ ki davam edir. Lakin Çin tədarükçüləri bazarda iştirakı genişləndirərək daha ucuz məhsullar təklif edirlər.

 

Nizam Nuriyev






16/03/21    Çap et