Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AirPods 3” qulaqcığının kütləvi istehsalına üçüncü rübdə başlanılacaq


Yeni nəsil “Apple AirPods” simsiz qulaqcığının kütləvi istehsalına 2021-ci ilin üçüncü rübündə başlanılacaq. Bu barədə tanınmış “TF Securities” analitiki Minq-Çi Kuo bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, analitikin ötən ilin noyabrında verdiyi məlumata görə, “AirPods 3” qulaqcığı 2021-ci ilin birinci yarısında buraxılacaq. Halbuki bir sıra mənbələrin məlumatına görə, yeni “AirPods” versiyası artıq bu ay satışa çıxarıla bilər. Tez-tez “Apple” şirkətinin planları barədə dəqiq informasiyalar bölüşən Çinin “Kang” adlı blogeri bu yaxınlarda “AirPods 3” qulaqcığının təqdimata hazır olduğunu qeyd edib.

 

Lakin analitikin yeni proqnozuna görə, orijinal “AirPods” versiyasının tədarükü birinci-üçüncü rübdə illik hesablamada təxminən 25 faiz azalaraq 55 milyon ədəd təşkil edəcək. Yeni nəsil qurğuya tələbat gözlənildiyindən yüksək olsa, dördüncü rübdə onun tədarükü ötən illə müqayisədə dəyişməz qalaraq 23 milyon ədəd olacaq.

 

Bu il ümumilikdə “AirPods” qulaqcığının tədarük həcminin ötənilki 90 milyonla müqayisədə 78 milyon ədədədək azalacağı gözlənilir. Minq-Çi Kuo tədarük həcminin azalmasını rəqabətin güclənməsi ilə izah edir. Həmçinin qeyd olunur ki, “AirPods Max” modeli “Apple” şirkətinin qulaqcıq tədarükünə böyük təsir göstərməyib. Onun illik satış həcmi 1 milyon ədəd səviyyəsində proqnozlaşdırılır.

 

Nizam Nuriyev






16/03/21    Çap et