Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” 200 meqapikselli kameraya malik smartfon nümayiş etdirib


"Samsung" şirkəti rekord təsvir ölçülü kameraya malik smartfon buraxacaq. Bu barədə şirkətin "Twitter" hesabında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, Cənubi Koreya şirkətinin prosessorların istehsalı ilə məşğul olan bölməsinin sosial şəbəkələrində yeni smartfonun görüntüləri dərc edilib. Qısa videoçarxa görə, qurğunun kamerası altı obyektivə malik olacaq. Onlardan biri 200 meqapikselli rekord təsvir ölçüsü ilə təchiz ediləcək. Detalların quraşdırılması "Galaxy S21" seriyalı qabaqcıl smartfonların əsas kamerasının dizaynını xatırladır.

 

Bundan başqa, nümayiş olunan qurğu qoşa ön kamera ilə təchiz olunub. Videonun sonunda smartfonun "Exynos 2100" prosessoru əsasında işləməsi nümayiş edilir. Şirkətin saytındakı çipin səhifəsində göstərilib ki, qurğu 2900 meqahers tezliyində işləyir, süni intellektlə qarşılıqlı fəaliyyət göstərir, "4K" formatlı displeyləri, saniyədə 60 kadr tezliyində olmaqla "8K" standartlı videoçəkilişi, "LPDDR5" formatlı operativ yaddaşı dəstəkləyir.

 

Nümayiş olunan qurğu prototipdir və işlək şəkildə mövcud deyil. Şirkət nümayəndələri altı kamera ilə təchiz edilən smartfonun nə vaxt satışa çıxarılacağı barədə məlumat təqdim etməyiblər.

 

Nizam Nuriyev






29/03/21    Çap et