Nasaz “iPad” planşeti evdə yanğına səbəb olub. Bu barədə “The Register” nəşri məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yanğın Pensilvaniya ştatının Milford şəhər sakini Maykl Makaluzonun evində olub. Hadisə 2020-ci ildə baş versə də, zərərçəkmiş tərəf “Apple” şirkətini indi məhkəməyə vermək qərarına gəlib. “de Luca Levine” hüquq şirkəti ABŞ şirkətindən dəymiş zərəri ödəməyi tələb edir. İddia əvvəlcə Filadelfiya Dairə Məhkəməsinə təqdim edilib, daha sonra Pensilvaniya Federal Dairə Məhkəməsinə göndərilib.
Sənəddə qeyd olunur ki, yanğın qurğunun enerji təchizatı sistemində nasazlığa görə başlayıb. Zərərçəkmişə artıq “Allstate Insurance” şirkəti tərəfindən ödəniş edilib. Ziyan 142 min dollar dəyərində qiymətləndirilib. Bu dəfə isə sığorta şirkətinin hüquqşünasları “Apple” korporasiyasından qüsurlu məhsulun satılması faktını etiraf etməyi və xərcləri kompensasiya etməyi tələb edirlər.
Ekspertlərin rəyinə görə, ABŞ sakini planşetdən təlimata uyğun istifadə edib. O, qurğunu modifikasiya etməyib və onun korpus və akkumulyatorunu zədələməyib.
Nizam Nuriyev