Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gədəbəy rabitəsi TAE xəttinə qoşuldu
“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir. “Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, Gədəbəy rabitəsinin Şəmkir istiqamətində TAE xəttinə birləşdirilməsi başa çatıb.
“Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaranıb. Artıq rayon mərkəzi və kəndlərin yüksəksürətli internetə qoşulmasında problem yoxdur ” .
Bundan başqa Şəmkirdən Gədəbəy istiqamətində bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da kəndlərin daha sürətli, daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi deməkdir.
Birlik tərəfindən Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.
Xatırladaq ki, Avropadan Uzaq Şərqə qədər ərazini əhatə edən TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
23/12/11 Çap et